Traksiya — onurğanın nəzarətli dartılmasıdır. Aparat fəqərələri bir-birindən çox az, lakin ölçülə bilən qədər aralayır. Bu zaman fəqərələr arası disk üzərindəki təzyiq azalır, sıxılmış sinir kökü sərbəstləşir və diskin öz yerinə qayıtması üçün şərait yaranır.
Hansı hallarda tətbiq olunur
- Fəqərəarası disk yırtığı və protruziya
- Bel ağrıları — xüsusən ayağa yayılan ağrılarda
- Boyun yırtığı və boyun düzləşməsi
- Osteoxondroz
- Onurğa kanalının daralması (yüngül və orta hallarda)
Necə aparılır
Pasiyent xüsusi masaya uzanır, kəmərlərlə sabitlənir. Aparat proqramlaşdırılmış qüvvə ilə dartma tətbiq edir — fasiləli və ya davamlı rejimdə. Dartma qüvvəsi bədən çəkisinin faizi ilə hesablanır və ilk seanslarda aşağı səviyyədən başlanır.
Bir seans 15–25 dəqiqə çəkir. Kurs adətən 10–15 seansdır. Prosedur ağrısızdır; bel və ya boyunda yüngül dartılma hissi olur.
Nəticə nə vaxt görünür
Bir çox pasiyentdə ilk 3–5 seansdan sonra ağrının azalması hiss olunur. Lakin traksiya təkbaşına kifayət etmir: dartma ilə açılan sahə ətraf əzələlər gücləndirilməsə, yükü yenidən disk üzərinə düşür. Buna görə traksiya həmişə müalicəvi idman terapiyası ilə birlikdə təyin olunur.
Əks göstərişlər
Onurğa sınığı, ciddi osteoporoz, onurğa şişi və ya infeksiyası, kəskin nevroloji defisit (ayaqda güc itkisi, sfinkter pozğunluğu), hamiləlik və onurğada metal konstruksiya olan hallarda traksiya tətbiq edilmir. MRT nəticəsi olmadan prosedur təyin olunmur.
Son yenilənmə:
Tibbi baxış: Dr. Kamil Eyvazov, Ortoped-travmatoloq, onurğa cərrahı
Bu səhifədəki məlumat ümumi maarifləndirmə məqsədi daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə planı yalnız fərdi müayinədən sonra müəyyən edilir.