Çiyin ağrısı kimlərdə olur?
Çiyin oynağı bədənin ən aktiv oynağıdır. Altı istiqamətdə hərəkət etmək imkanına malik olduğu üçün asanlıqla yaralanmalara və xəstəliklərə daha çox həssasdır. Çiyin ağrısı – fizioterapiya və reabilitasiya mərkəzi olaraq gündəlik təcrübəmizdə tez-tez rastlaşdığımız müxtəlif növ ağrılarılardan biridir.
Bu ağrı bütün yaş qruplarını əhatə edən və hər birində müşahidə olunan ümumi bir simptomdur. Çiyin ağrısı gənc yaşlarda daha çox zərbə və yaralanma nəticəsində görülsə də, yaş artdıqca çiyin ağrısı əsasən, degenerasiya (kirəclənmə) səbəbiylə inkişaf edir. Bundan əlavə, bəzi peşə qruplarında (müəllimə və divar rəssamları kimi) və idman fəaliyyətlərində (tennis və voleybol kimi) çiyinlərdə narahatlıq daha çox olur.
Çiyin ağrısı səbəbləri nələrdir?
Çiyin ağrısına çiyin oynağının özündən və ya başqa bir bölgədən çiyinə əks oluna bilən ağrı səbəb ola bilər. Boyun yırtığı, çiyin oynağının xaricindəki çiyin ağrısının ən çox yayılmış səbəblərindən biridir. Xəstə boyun yırtığı səbəbiylə qolundakı sinirlərin sıxılmasıyla çiynindəki şiddətli və simptomatik ağrılar hiss edə bilər.
Çiyin oynağının səbəb olduğu ağrıların əksəriyyəti çiyin oynağını əhatə edən əzələlərin yaratdığı rotator manjetin narahatlığından ibarətdir. Rotator manjetinin yırtıqları, iltihab (tendinit) və sıxışma sindromu çiyin ağrısının ümumi səbəbləridir. Bunlardan başqa çiyin birləşməsindəki artrit, zədələnmiş çiyin, çıxıq və qırıqları, iltihablı revmatik xəstəliklər (revmatoid artrit, ankilozan spondilit) də çiyin ağrısı ilə bizi qarşılaşdıra bilər.
Rotator manjeti – çiyini əhatə edən 4 əzələ və onların vətərindən ibarət olub, onu stabil saxlayan əzələ qrupudur. Ümumilikdə, çiyini əhatə edən, yəni bazu sümüyünü kürək sümüyünə birləşdirən 7 əzələdən 4-ü rotator manjetinin payına düşür.
- Supraspinatus
- İnfraspinatus
- Teres minor
- Subscapularis
Bu əzələlər qolun yuxarı qalxması və rotasiyası kimi funksiyaları yerinə yetirir.
Çiyində bursa adı verilən və yastıq vəzifəsi görən bir kisə var. Bu kürək sümüyünə aid olan akromion ilə supraspinatus arasında yerləşir. Bu qurğu akromionun altındakı supraspinatus tendonunun sümüyə sürtünməsi və sərbəst sürüşməsini təmin edir. Bursa deyilən bu kisənin iltihabında və ya travmasında çiyin hərəkətləri ağrılı hala gəlir.
Rotator manjet əzələləri xəstəlikləri
- Sıxışma (İmpingment Syndrome)
- Tendinit (Vətərlərin iltihabı)
- Donuq çiyin (Frozen Shoulder)
- Biceps Tendinit (Zədələnmiş vətərlər)
- Bursit (Kisəciyin iltihabı)
Tendinit: Rotator manjet tendonları zərər almış ola bilər.
Bursit: Bursanın iltihabı və ya qabarması ilə yaranmış narahatlıq kimi tanınır və içi çoxlu maye ilə dolu kisəciklərin iltihablanması ilə meydana gəlir.
İmpingment (Sıxışma): Çiyin və qolumuzu yuxarı qaldırdığımızda akromion və rotator manjet arasındakı boşluq daralmış olur. Bu vaxt akromion rotator manjeti qıcıqlandıraraq ağrıya səbəb olur. Bu hala çiyin sıxışma (İmpingment Syndrome) deyilir.
Donuq çiyin – Çiyində ağrı və sərtləşmə ilə xarakterizə olunan iltihabdır.
Simptomlar:
- Ağrılar – gecə yatarkən, əlləri yuxarı, arxaya, önə və ya yana doğru qaldıranda.
- Qolları tam aça bilməmə.
- Bütün çiyin və qol boyu sızlama.
- Ağrıların barmaq uclarına qədər yayılması.
- Uyuşma.
- Zəiflik.
Fizioterapiya və çiyin ağrıları:
Xüsusilə çiyin ağrıları səbəbinə görə hərəkət məhdudiyyəti olan xəstələrə fizioterapiya vacibdir.
Belə xəstələrdə, miostimulyasiya və ultrasəs kimi dərin toxumalarda istilik əmələ gətirən bir tətbiqdən sonra artan elastikliyi mütləq şəkildə manual terapiya və müalicəvi idmanla tamamlamaq lazımdır.
Çiyin ağrısının qarşısını necə almaq olar?
- Çiyini sıxacaq, incidəcək və ağır yük daşıyacaq hərəkətlərdən qaçınmaq lazımdır.
- İsti günlərdə, xüsusən də nəqliyyat vasitəsində kondisionerdən əsən soyuq havanın birbaşa bədənə gəlməsinə maneə olunmalıdır.
- Üst rəflərdən əşya alma, qoyma və yerləşdirmə, uzun müddət boyunca qolların baş səviyyəsi üstündə tutma kimi hərəkətlərdən qaçmaq lazımdır.
- Oturma vəziyyətində qollar dirsək bölgəsindən dəstəklənməlidir.
- Gündə bir neçə dəfə qolları belə və boyuna yerləşdirərək idman edilməlidir.
- Çiyin ağrısından əziyyət çəkirsinizsə, sağlamlığınızı mütəmadi olaraq yoxlamağı unutmayın.