COVID-19

“Yeni” koronavirus nədir?

Yeni koronavirus (CoV) dedikdə koronavirusun yeni ştammı nəzərdə tutulur. 

İlk dəfə olaraq Çinin Uhan şəhərində qeydə alınmış yeni koronavirus tərəfindən törədilən xəstəlik koronavirus xəstəliyi 2019 (COVID-19) adlandırılmışdır: CO – korona, Vİ – virus və D – xəstəlik (ingilis dilində “disease”) deməkdir.  İlk vaxtlar bu xəstəlik “2019 yeni koronavirus”, yaxud “2019-nCoV” olaraq da adlandırılmışdır.

COVID-19 virusu Ağır Kəskin Respirator Sindrom (SARS) ilə eyni virus ailəsi və adi soyuqdəymənin bəzi növləri ilə əlaqələndirilən yeni virusdur.  

COVID-19 virusu necə yayılır?

Bu virus yoluxmuş insanın tənəffüs damcıları (öskürək və asqırıq nəticəsində yaranan) ilə birbaşa təmas və virus ilə çirklənmiş səthlərə toxunma yolu ilə ötürülür. COVID-19 virusu səth üzərində saatlarla qala bilsə də, adi dezinfeksiyaedici maddə ilə zərərsizləşdirilə bilir.  

Koronavirusun simptomları hansılardır?

Simptomlara hərarət, öskürək və təngnəfəslik aid ola bilər. Daha ağır hadisələrdə infeksiya pnevmoniya, yaxud tənəffüs çatışmazlığına səbəb ola bilər. Daha nadir hallarda infeksiya ölüm ilə nəticələnə bilər. 

Bu simptomlar COVID-19 xəstəliyi ilə müqayisədə daha çox yayılmış qrip (influenza) və ya soyuqdəymənin simptomlarına bənzərdir. Buna görə də kiminsə məhz COVID-19 xəstəliyinə yoluxduğunu öyrənmək üçün həmin şəxsin test olunması tələb olunur. Əsas profilaktik tədbirlərin eyni olduğunu yadda saxlamaq vacibdir – əllərin tez-tez yuyulması və respirator gigiyena (öskürərkən və ya asqırarkən ağzınızı bükülmüş dirsək və ya salfet parçası ilə örtün, daha sonra isə həmin salfet parçasını bağlı zibil qutusuna atın). Bundan başqa qripə qarşı peyvənd də mövcuddur – ona görə də özünüzü və övladlarınızı vaxtında peyvənd etdirməyi unutmayın. 

Özümü yoluxma riskindən necə qoruya bilərəm?

İnfeksiyadan özünüzü qorumaq üçün siz və ailəniz aşağıdakı dörd ehtiyat tədbirindən yararlana bilərsiniz:

  1. Sabun və su və ya spirt tərkibli antiseptik vasitə ilə tez-tez əllərinizi yuyun 
  2. Öskürərkən və ya asqırarkən ağzınızı bükülmüş dirsək və ya salfet parçası ilə örtün, daha sonra isə həmin salfet parçasını bağlı zibil qutusuna atın
  3. Soyuqdəymə və ya qripəbənzər simptomları olan şəxslərlə yaxın təmasdan qaçın
  4. Hərarətiniz və ya öskürəyiniz olarsa, yaxud tənəffüs zamanı çətinlik çəkirsinizsə, həkimə müraciət edin

Tibbi maskadan istifadə etməliyəm?

Tibbi maskadan istifadə respirator simptomlarınız (öskürək və ya asqırıq) olarsa, digərlərini qorumaq üçün tövsiyə olunur. Əgər sizin hər hansı simptomlarınız yoxdursa, maskadan istifadə etməyə ehtiyac yoxdur. 

Əgər maskadan istifadə edirsinizsə, onun effektivliyinin təmin edilməsi və virusun ötürülmə riskinin artmasının qarşısını almaq məqsədilə həmin maskalar düzgün qaydada geyinilməli və tullanılmalıdır.

İnfeksiyanın qarşısını almaq üçün təkcə maskadan istifadə etmək kifayət deyil və onunla bərabər əlləri tez-tez yumaq, öskürək və asqırıq zamanı ağzı örtmək, soyuqdəymə və qripəbənzər simptomları  (öskürək, asqırıq, hərarət) olan hər hansı şəxslə yaxın təmasdan qaçmaq lazımdır.  

COVID-19 xəstəliyi uşaqlara təsir edirmi?

Bu yeni bir virusdur və onun uşaqlar və ya hamilə qadınlara necə təsir etdiyi hələ ki tam öyrənilməmişdir. Onu bilirik ki, istənilən yaşda olan insanların bu xəstəliyə yoluxması mümkündür, lakin indiyə qədər uşaqlar arasında COVID-19 hadisələri nisbətən az qeydə alınmışdır. Virus nadir hallarda ölüm ilə nəticələnir, indiyə qədər belə hallar əsasən əvvəlcədən hər hansı xəstəlikləri olan yaşlı insanlar arasında müşahidə edilmişdir.

Əgər mənim uşağımda COVID-19 simptpomları vardırsa, mən nə etməliyəm?

Həkimə müraciət edin, lakin yadda saxlayın ki, Şimal Yarımkürəsində qrip mövsümüdür və COVID-19 xəstəliyinin öskürək və hərarət kimi simptomları qripin və ya soyuqdəymənin  eyni simptomlarına bənzəyə bilər ki, bu simptomlar da qat-qat çox yayılmışdır.

Tez-tez əllərinizi yuyaraq əl və respirator gigiyena qaydalarına riayət edin və uşaqlarınızı vaxtında peyvənd etdirin ki, onlar xəstəlik törədən digər virus və bakteriyalardan qorunmuş olsun. 

Digər respirator infeksiyalarda, məsələn qrip zamanı olduğu kimi sizdə və ya uşağınızda simptomlar müşahidə edilirsə, həkimə erkən vaxtlarda müraciət edin və xəstəliyin digərlərinə ötürülməsinin qarşısını almaq üçün ictimai yerlərə (iş yeri, məktəb, ictimai nəqliyyat ) getməyin.

Əgər ailə üzvündə simptomlar müşahidə olunarsa, nə etməliyəm?

Əgər sizdə və ya uşağınızda hərarət, öskürək və ya tənəffüs çatışmazlığı müşahidə edilərsə, tibbi yardım üçün erkən vaxtlarda müraciət etmək lazımdır. Əgər COVİD-19 xəstəliyinin qeydə alındığı ərazilərdə səyahətdə olmusunuzsa, və ya həmin ərazilərdən gəlmiş və respirator simptomlara malik insanla yaxın təmasda olmusunuzsa, həkiminizə əvvəlcədən zəng edib onu məlumatlandırın.

 

Uşağımı məktəbdən saxlamalıyammı?

Əgər uşağınızda simptomlar müşahidə edilirsə, tibbi yardım üçün müraciət edin və həkimin verdiyi göstərişlərə əməl edin. Əks təqdirdə, qripəbənzər digər respirator infeksiyalar zamanı olduğu kimi uşağınız simptom nümayiş etdirdiyi müddətdə onun evdə dincəlməsi üçün şərait yaradın və infeksiyanın digərlərinə ötürülməsinin qarşısını almaq üçün ictimai yerlərdən uzaq olun.

Əgər uşağınızda hərarət və ya öskürək kimi simptomlar müşahidə edilmirsə, və ya səhiyyə orqanlarının uşağınızın məktəbinə aid müvafiq rəsmi tövsiyəsi və ya xəbərdarlığı yoxdursa, yaxşı olar ki, onun məktəbə getməsini təmin edəsiniz.

Uşaqları məktəbdən saxlamaqdansa, onlara məktəbdə və digər yerlərdə düzgün əl və respirator gigiyena praktikalarına riayət etməyin vacibliyini öyrədin, məsələn əllərini tez-tez yusunlar (aşağıda göstərildiyi qaydada), öskürərkən və ya asqırarkən ağızlarını bükülmüş dirsək və ya salfet ilə örtsünlər və sonra həmin salfeti bağlı zibil qutusunun içərisinə atsınlar, əllərini yaxşı yumayıblarsa, gözlərinə, ağızlarına və ya burunlarına toxunmasınlar.

Əlləri düzgün yumağın ən yaxşı üsulu hansıdır?

1-ci addım: Axar su altında əllərinizi isladın

2-ci addım: Yaş əllərinizi kifayət qədər sabunlayaraq onları tamamilə sabun köpüyü ilə örtün.

3-cü addım: Ən azı 20 saniyə ərzində əllərinizin bütün səthlərini , o cümlədən üstünü, barmaqlarınızın aralarını və dırnaqlarınızın altını sürtün.

4-cü addım: Əllərinizi axar su altında yaxşıca yaxalayın.  

5-ci addım: Əllərinizi təmiz parça və ya birdəfəlik istifadə edilən dəsmallarla qurulayın

Əllərinizi tez-tez, xüsusilə də yemək yemədən öncə, burnunuzu sildikdən, öskürdükdən, asqırdıqdan və ya vanna otağına getdikdən sonra yuyun. 

Əgər əl altınızda sabun və yaxud da su yoxdursa, tərkibində ən azı 60% spirt olan antiseptik geldən istifadə edin. Əgər əlləriniz əyani olaraq çirkli görsənərsə, onları daim su və sabunla yuyun.

Koronavirus hamilə qadınlardan onların bətnindəki uşaqlara keçə bilərmi?

Hazırda virusun hamiləlik zamanı anadan körpəsinə ötürüldüyünü, yaxud körpə üçün hər hansı digər potensial təsirini sübut etmək üçün kifayət qədər dəlil yoxdur. Bu məqam hazırda araşdırıılmaqdadır. Hamilə qadınlar özlərini virusdan qorumaq üçün müvafiq ehtiyat tədbirlərini görməkdə davam etməli və hərarət, öskürək və ya tənəffüs çatışmazlığı kimi simptomları olarsa, tez bir zamanda tibbi yardım üçün müraciət etməlidir.


Koronavirusa yoluxan ananın körpəsini əmizdirməsi təhlükəsizdirmi?

Təsir altına düşən və riskli ərazilərdə olub hərarət, öskürək və ya tənəffüs çatışmamazlığı simptomlarına malik bütün analar tez bir zamanda tibbi yardım üçün müraciət etməli və həkimin verdiyi göstərişlərə əməl etməlidirlər. 

Ana südünün faydalarını nəzərə alaraq və digər respirator xəstəliklərin ötürülməsində onun rolunun kiçik olduğunu bilərək ana bütün lazımi ehtiyat tədbirlərini görməklə əmizdirməni davam etdirə bilər.

Əmizdirmə iqtidarında olan simptomlu analar üçün belə tədbirlərə təsdiqlənmiş və ya şübhəli COVID-19 hadisəsinin digər şəxslərlə, o cümlədən uşaqlarla qarşılıqlı əlaqəsi zamanı olduğu kimi uşağın yaxınlığında olan zaman maskadan istifadə (o cümlədən əmizdirmə zamanı), uşaqla təmasdan (o cümlədən əmizdirmə) əvvəl və sonra əllərin yuyulması və çirklənmiş səthlərin təmizlənməsi/dezinfeksiyası daxildir.

Əgər ana çox xəstədirsə, yaxşı olar ki, o infeksiyaya qarşı yuxarıda qeyd edilən tədbirlərə əməl etməklə öz südünü sağıb təmiz fincan və ya qaşıq vasitəsilə uşağa versin.

ONLİNE QƏBULA YAZIL

Mərkəzimizə gəlmədən əvvəl, online qəbula yazılmanız tövsiyyə olunur.

24/7/365

İlin istənilən günü və saatı Sizə xidmət etməkdən məmnunuq.

PEŞƏKAR PERSONAL

Təcrübəli və peşəkar personalımıza etibar edə bilərsiniz.